SUMQAYIT YGEŞ: TƏDBİRLƏR GÖRÜLÜR
Digər enerjitəchizatı müəssisələrində olduğu kimi Sumqayıt YGEŞ-də də sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin iyul ayı ərzində müəssisənin xidməti ərazisində seçmə üsulu ilə keçirilmiş reydlər zamanı 253 istehlakçının (bundan 225 ədədi məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Ən çox qayda pozuntusu Sumqayıt ŞEŞ-in, ən azı isə Xızı PEŞ-in xidməti ərazisindəki istehlakçıların sayğac uçot komplektlərində qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə qayda pozuntuları müvafiq olaraq 135 (128-i məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) və 5 (üçü məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir) fakt olmuşdur. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 2,2 milyon kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 128,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 319,6 min kilovatsaata yaxını və ya 19,1 min manatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Hesabat ayında həmin bu məbləğin (128,9 min manatın) 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin iyul ayında qayda pozuntularına görə ödənişdə ən yüksək göstərici Xırdalan PEŞ-də, ən aşağı göstərici isə Sumqayıt ŞEŞ-də qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə sözügedən təyinat üzrə ödənişlər müvafiq olaraq 46 və 2 faizə yaxın olmuşdur.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində 2020-dən çox istehlakçının (bundan 1739-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktının aşkar edilmişdi. O cümlədən, Sumqayıt ŞEŞ-də 1047, Xırdalan PEŞ-də 410, Bağlar PEŞ-də 266, Şamaxı PEŞ-də 181, Qobustan PEŞ-də 113 və Xızı PEŞ-də 7 qayada pozuntusu faktı aşkar edilmişdir. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılaraq 7,6 milyon kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 456,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Qeyd edilən miqdardan 3 milyon kilovatsaatdan çoxu və ya 180,2 min manatdan artığı məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Həmin bu məbləğin (456,6 min manatın) 25 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.









