
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN
ELEKTRİK ENERJİSİ SİSTEMİ
Digər sahələr kimi elektroenergetikanın da inkişafına nəzər salanda Ümummilli Liderimiz Heydər Əliyevin yeri ön cərgədə görünür.
Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-cı illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sistemi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulmuşdu.
Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalı hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlansa da, uzun illər ərzində bu sahədə inkişaf ləng getmişdir. 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının mühüm sahələrindən biri olan elektik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir çox irimiqyaslı layihələr reallaşdırılmışdı. Ümummili Liderimiz Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdı. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran-Azərbaycan "Araz" SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücünün 220 MVt-a çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyasının istifadəyə verilməsi məhz ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. 80-ci illərdə və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik "Azərbaycan" İES istismara buraxılmışdır.
"Azərbaycan" İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. 80-ci illərin əvvəllərində inşasını hətta SSRİ miqyasında ümumxalq tikintisi səviyyəsinə qaldırmağa müyəssər olduğu bu əzəmətli tikili bu gün də ümummilli liderin bütün qurub yaratdıqları kimi, onun nurlu şəxsiyyətinin möhtəşəm abidəsi kimi ucalır. Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin Ümumittifaq səviyyəsində aparılması tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdı.
Stansiyanın birinci enerji blokunun işə salınması Azərbaycanda fərəh dolu əlamətdar hadisəyə çevrildi. Ulu öndərimizin bu münasibətlə 1981-ci ilin 20 oktyabrında Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi bu tarixi təqvimdə Azərbaycan energetiklərinin peşə bayramı günü kimi müəyyənləşdirmiş oldu. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamına əsasən bu gün “Energetik günü” kimi qeyd edilir.
Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız sonralar özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ümumilikdə Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdi. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi.
Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-luq «Əli Bayramlı» İES - «Ağdam» - «Gəncə» -»Ağstafa,» Əli Bayramlı – Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis - Vəli və s. kimi elektrik verilişi xətləri, 330/110/20 kV-luq «Yaşma», «Gəncə», «Ağstafa», 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq «Hövsan», «Nizami», «Müşfiq», «Səngəçal», «Masallı», «Ağsu», «Babək» və s. kimi qovşaq yarımstansiyaları istismara verilmişdir.
Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu.









