ÜMUMİ ÖDƏNİŞ ARTMIŞDIR
31.03.2009
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılmışdır. İstehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin fevral ayında istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin rəisi Hikmət Həsənovun Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, cari ilin fevral ayı ərzində 364,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2008-ci ilin müvafiq döründə isə bu göstərici 469,9 milyon kilovatsaata yaxın olmuşdur. Yəni istehlak 22,4 faizə və yaxud da 105,3 milyon kilovatsaata yaxın azalmışdır. Hesabat dövründə ümumi ödəniş isə 66,3 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz mütləq artım deməkdir. O cümlədən əhali istehlakçı qrupunda isə istehlak 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 97,5 milyon kilovatsaat azalaraq 121,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 7,5 faiz mütləq artaraq 83,5 faiz olmuşdur. Hesabat ayında Ucar PEŞ-də ümumi ödənişdə (ötən ayların debitor borclarından ödənişlər nəzərə alınmaqla) 100 faizdən yuxarı göstərici əldə edilmişdir. Lerik, Göyçay, Yardımlı, Ağsu və Lənkəran PEŞ-lərində ümumi ödəniş 90 faizdən yuxarı olmuşdur. Ümumiyyətlə, ən yüksək göstərici Ücar PEŞ-də (104,4%), ən aşağı isə Ağdam PEŞ-də (33,8%) qeydə alınmışdır.
Qeyd edək ki, əhali istehlakçı qrupu üzrə ödənişdə Mingəçevir və Gəncə ŞEŞ-ləri, Tərtər, Lerik və Zərdab PEŞ-ləri 100 faizlik, Göyçay, Şamaxı, Qazax və Ağsu PEŞ-ləri isə 95 faiz və ondan yuxarı nəticə əldə etmişlər. Başqa sözlə, ən yüksək göstərici Mingəçevir ŞEŞ və Tərtər PEŞ-də (debitor borclar nəzərə alınmaqla 102,1%), ən aşağı göstərici isə Samux PEŞ-də (64%) qeydə alınmışdır.
KÜRDƏMİR RET: TƏMİR İŞLƏRİ DAVAM EDİR
31.03.2009
Bütün enerji paylayıcı müəssisələrində olduğu kimi, Kürdəmir, Şamaxı, Ağsu, İsmayıllı, Zərdab, Ucar, Göyçay və Qəbələ PEŞ-lərində də istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat verən “Kürdəmir RET”-in direktoru Sədrəddin Balaşovun bildirdiyinə görə, hazırda müəssisənin xidməti ərazilərində tədbirlər planına uyğun qızğın təmir-bərpa işləri aparılır.
Belə ki, cari ilin ötən iki ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan müxtəlif gərginliyə malik 12 kilometrə yaxın elektrik verilişi xətti yenidən quraşdırılmış, 64 kilometrə yaxın xətdə isə təmir işləri həyata keçirilmişdir.
Qeyd edək ki, 37 transformator məntəqəsində və 13 transformatorda əsaslı və cari təmir işləri yerinə yetirilmişdir.
Yanğından mühafizə tədbirlərinə toxunan direktor bildirdi ki, yanğından mühafizə qarşıda duran aktual məsələlərdən biridir. Bu məqsədlə də əsasnamə hazırlanmış, iş yerləri üzrə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin olunmuşdur. Transformator məntəqələrinin, dayaqların ətrafları və xətlərin trassası quru otlardan təmizlənmiş, bütün naqil birləşmələri iş qrafikinə uyğun olaraq yoxlanılır və aşkar edilmiş nasazlıqlar aradan qaldırılır.
“Şəbəkələrdə aparılan yenidən qurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına baxmayaraq sayğac sxeminə müdaxilə edən istehlakçılar var. Həmin bu istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür” – deyən S. Balaşov bildirdi ki, cari ilin fevral ayında elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 143 akt tərtib edilərək 463,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 55 faizə yaxın hissəsi ödənilmiş və qalıq hissənin ödənilməsi üçün tədbirlər görülür.
Yeri gəlmişkən qeyd edək ki, zərurət olmadığından aşkar edilmiş qayda pozuntuları ilə əlaqədar hüquq mühafizə orqanına müraciət edilməmişdir.
“Çalışacağıq ki, hazırkı mövsümdə də xidməti ərazimizdə istehlakçıları fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edək” - deyərək S. Balaşov fikrini tamamladı.
ÖDƏNİŞLƏRİN ARTIRILMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
30.03.2009
Bu gün regionların sosial-iqtisadi inkişafının həyata keçirilməsində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təminat mühüm əhəmiyyətə malikdir. Bu mənada İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Saatlı rayonlarının enerji təchizatını həyata keçirən "İmişli Regional Enerji Təchizat" müəssisəsinin üzərinə böyük məsuliyyət düşür. Regional müəssisənin xidməti ərazisi respublikamızda məcburi köçkünlərin ən çox məskunlaşdığı ərazilərdəndir. Bu ərazidə elektrik enerjisi itkilərinin azaldılması, ödəniş səviyyəsinin 100 faizə çatdırılması məqsədilə müvafiq tədbirlər görülür. O cümlədən məcburi köçkün qəsəbələrində fərdi abonentlər üçün elektrik sayğaclarının quraşdırılması da həyata keçirilir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, İmişli rayonundakı 1 və 11 saylı qəsəbələrdə fərdi abonentlər üçün elektrik sayğaclarının quraşdırılması işi yekunlaşıb. İlkin nəticələr göstərir ki, hər iki qəsəbədə elektrik enerjisinin istehlakının miqdarı xeyli aşağı düşüb.
Mənbəyə istinadən qeyd edək ki, İmişli rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin elektrik enerjisinə olan tələbatının yüksək səviyyədə təmin olunması məqsədilə 2 transformator məntəqəsi tikilib və müasir tələblərə cavab verən yeni xətlər çəkilib. Ərazidə ümumilikdə 20 qəsəbə mövcuddur.
Əldə etdiyimiz digər bir məlumata görə, İmişli rayon mərkəzində 10 kV-lik xətlərin tamamilə yenidən qurulması və 0,4 kV-lik xətlərin SİP kabelləri ilə əvəzlənməsi, abonentlərə kart tipli sayğacların quraşdırılması üçün tədbirlər görülüb. Yaxın günlərdə xidməti əraziyə daxil olan Saatlı PEŞ-də də analoji işlərin görülməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, digər rayonlarda da istismarın səviyyəsini yüksəltmək üçün təmir-bərpa işləri davam etdirilir.
TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
30.03.2009
Azərbaycanın enerji təhlükəsizliyi təminatının strateji prioritetliyini əsaslandıran, görünməmiş çətinliklərə baxmayaraq həmin strateji kursu dönmədən reallaşdıran, regional və qlobal layihələrdə ölkəmizi aparıcı mövqeyə çıxaran Ümummilli lider respublikamızın dayanıqlı və dinamik inkişafı üçün güclü zəmin yaratdı. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar nəticəsində ölkəmiz hazırda dünyada enerji daşıyıcılarının hasilatı və nəqlinin tanınmış mərkəzlərindən biridir. Ölkəmiz enerji daşıyıcılarına, o cümlədən elektrik enerjisinə olan öz tələbatını tam həcmdə ödəməklə yanaşı, qonşu dövlətlərin enerji təhlükəsizliyində də mühüm rol oynayır. Elektrik enerjisi istehsalında digər enerji obyektləri kimi ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş yeni generasiya güclərindən biri olan “Bakı Elektrik Stansiyası”nın da özünəməxsus rolu var.
“Bakı Elektrik Stansiyası”nın baş mühəndisin müavini Ruslan İbrahimovun “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, cari ilin ötən iki ayı ərzində 94 milyon kilovatsaat proqnoza qarşı 103,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 milyon kilovatsaat çoxdur.
Qeyd edək ki, cari ilin fevral ayında 46,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da nəzərdə tutulduğundan 4,8 milyon kilovatsaat çoxdur.
“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Məhz onun nəticəsidir ki, ötən illərdə olduğu kimi cari ilin ötən iki ayı ərzində də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır” – deyən R. İbrahimov onu da qeyd etdi ki, təmir işləri stansıyanın təmir briqadası tərəfindən aparılır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin fevral ayında 1, 4, 11 və 12 saylı aqreqatlarda planlı növbəti cari təmir işləri, 2, 5, 6, 7, 8, 9 və 10 saylı aqreqatlarda isə texniki xidmət işləri aparılmışdır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq normal işləyirlər.
Onu da qeyd etmək yerinə düşərdi ki, yüksək gərginlikli transformatorların eleqaz açarlarında, ayrıcılarda texniki xidmət işləri də aparılmışdır.
Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq tikilmiş, 12 aqreqatdan ibarət, ümumi gücü 105 MVt olan bu elektrik stansiyası 2007-ci ilin fevral ayında istismara verilmişdir. Elektrik stansiyası istismara verildiyi vaxtdan cari ilin mart ayına kimi burada 1,2 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.
MİNGƏÇEVİR RET: REYDLƏR NƏTİCƏ VERİR
29.03.2009
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir. Digər RET-lərdə olduğu kimi Mingəçevir ŞEŞ, Bərdə, Yevlax, Ağdaş, Tərtər və Ağdam PEŞ-lərini əlaqələndirən “Mingəçevir Regional Enerji Təchizatı” müəssisəsinin əməkdaşları tərəfindən belə halların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
Müəssisənin direktoru Saleh Abdullayevin “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, cari ilin ötən iki ayı ərzində 265-dən artıq istehlakçının “Elektrik enerjisindən istifadə qaydaları”nı pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 864 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 52 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 68 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalıq məbləğin ödənilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, ən çox qayda pozuntusu Ağdam PEŞ-in, ən azı isə Mingəçevir ŞEŞ-in xidməti ərazisindəki istehlakçıların sayğac uçot komplektlərində qeydə alınmışdır. Belə ki, bu PEŞ-lərdə qayda pozuntuları müvafiq olaraq 104 və 7 fakt olmuşdur.
“İstehlakçıların elektrik enerji təchizatının dayanıqlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün xidmətimizdə olan paylayıcı şəbəkələrdə yenidənqurma və təmir işləri aparılır” - deyən S. Abdullayev, görülmüş işlərin nəticəsində ötən dövrlərdə olduğu kimi, cari ilin ötən iki ayında da müəssisənin xidməti ərazisində elektrik enerjisi verilişində fasilələrin olmadığını bildirdi.
Mənbədən verilən məlumata görə, cari ilin ötən iki ayı ərzində 50 kilometrə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmiş, eyni zamanda 35 kilometrdən artıq xətt isə təmir edilmişdir. 600-dən artıq dayaq quraşdırılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövr ərzində 3 ədəd yeni transformator məntəqəsi quraşdırılaraq istismara verilmişdir. 70 ədəd müxtəlif gücdə transformator və 30-dan artıq transformator məntəqəsi təmir edilmişdir. Bunlardan əlavə digər təmir işləri ilə yanaşı sayğacların quraşdırılması işləri də davam etdirilib.
Xatırladaq ki, qayda pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri də elektrik enerjisinin kart sistemi vasitəsilə həyata keçirilməsidir. Artıq Mingəçevir şəhərində əvvəlcədən ödəniş sistemli kartlarla işləyən sayğaclar quraşdırılıb
KÜRDƏMİR RET: ÖDƏNİŞ 89 FAİZƏ YAXIN OLMUŞDUR
19.03.2009
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması “Kürdəmir RET”-in qarşısında duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
Müəssisənin direktoru Sədrəddin Balaşov həyata keçirilmiş tədbirlər barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə məlumat vermişdir.
Onun bildirdiyinə görə, istehlakçılarla hesablaşma sayğacla aparıldığından (sayğaclaşma başa çatıb) istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı düşmüş, enerji daşıyıcılarında ifrat yüklənmə və açılma halları əsasən aradan qaldırılmış və ödənişdə hər ay artım qeydə alınır. O, buna misal olaraq, cari ilin fevral ayında Ucar PEŞ-də ümumi ödənişin, Zərdab PEŞ-də isə daimi əhali istehlakçı qrupu üzrə ödənişin 100 faiz, Göyçay və Şamaxı PEŞ-lərində daimi əhali istehlakçı qrupu üzrə ödənişin 96 faizdən yüksək olmasını göstərərək əlavə etdi ki, digər PEŞ-lərdə də göstəricilərin artırılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, müəssisə üzrə cari ilin fevral ayında ümumilikdə 34,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 37,9 milyon kilovatsaata yaxın olmuşdur. Hesabat dövründə ümumi ödəniş isə 88,5 faiz, ötən ilin müvafiq dövründə isə bu göstərici 75,5 faiz olmuşdur. Nəticədə, istehlak 3 milyon kilovatsaat azalmış və ödənişdə isə mütləq artım 8 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 16,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 milyon kilovatsaata yaxın elektrik enerjisinə qənaət deməkdir. Ödəniş isə 91 faizə yaxın olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstərici 66,6 faiz olmuşdur. Nəticədə sözügedən istehlakçı qrupunda ödəniş üzrə mütləq artım 6 faizə yaxın olmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin ötən iki ayı ərzində isə 79,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 81,2 faiz olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 80,9 milyon kilovatsaata yaxın və 72,7 faiz olmuşdur. Nəticədə istehlak 1,2 milyon kilovatsaatdan çox azalmış və ödənişdə isə mütləq artım 10 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 42,6 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,4 milyon kilovatsaat azdır. Hesabat dövründə ödəniş isə 76,3 faiz, ötən ilin müvafiq dövründə isə 68,3 faiz olmuşdur. Mütləq artım 6 faizə yaxın olmuşdur.
Xatırladaq ki, müəssisə Kürdəmir, Şamaxı, Ağsu, İsmayıllı, Zərdab, Ucar, Göyçay və Qəbələ PEŞ-lərini əlaqələndirir.
MİNGƏÇEVİR RET: ÖDƏNİŞ 47 FAİZDƏN ÇOX ARTMIŞDIR
16.03.2009
Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artırılır. Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq və ödənişi 100 faizə çatdırmaqdır.
“Mingəçevir Regional Enerji Təchizatı” müəssisəsinin direktoru Saleh Abdullayevin “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, müəssisə üzrə cari ilin fevral ayında ümumilikdə 75,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 90,4 milyon kilovatsaatdan çox olmuşdur. Hesabat dövründə ümumi ödəniş isə 52 faizə, ötən ilin müvafiq dövründə isə bu göstərici 36 faizə yaxın olmuşdur. Nəticədə mütləq artım 19,2 faizdən artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 16,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 milyon kilovatsaata yaxın elektrik enerjisinə qənaət deməkdir. Ödəniş isə 84,8 faiz olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstərici 67 faizdən artıq olmuşdur.
Qeyd edək ki, RET üzrə ümumi ödənişdə ən yüksək göstərici Ağdaş PEŞ-də, ən aşağı göstərici isə Ağdam PEŞ-də qeydə alınmışdır. Belə ki, bu PEŞ-lərdə ödəniş faizləri müvafiq olaraq 71,5 faizdən çox və 33,8 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə ən yüksək göstərici Mingəçevir ŞEŞ və Tərtər PEŞ-də (debitor borclar nəzərə alınmaqla 102,1%), ən aşağı göstərici isə Ağdaş PEŞ-də (76,5%) qeydə alınmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin ötən iki ayı ərzində isə 163,5 milyon kilovatsaat elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 53,8 faiz olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 193 milyon kilovatsaata yaxın və 41,4 faizdən artıq olmuşdur. Nəticədə istehlak 18 faizdən çox azalmış və ödənişdə isə mütləq artım 10 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 34 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,4 milyon kilovatsaat azdır. Hesabat dövründə ödəniş isə 89 faiz, ötən ilin müvafiq dövründə isə 68 faiz olmuşdur. Mütləq artım 3,4 faizdən artıq olmuşdur.
Xatırladaq ki, müəssisə Mingəçevir ŞEŞ, Bərdə, Yevlax, Ağdaş, Tərtər və Ağdam PEŞ-lərini əlaqələndirir.
BAYRAM GÜNLƏRİNDƏ İSTEHLAKÇILARIN ELEKTRİK ENERJİSİ İLƏ TƏMİNATINDA PROBLEM OLMAYACAQ
Energetiklər bu gündən gücləndirilmiş iş rejiminə keçiblər
16.03.2009
Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri mövcuddur. Onlardan bəziləri zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Hər il olduğu kimi cari ildə də xalqımızın bu bayramı yüksək səviyyədə qeyd etməsi üçün digər xidmət müəssisələri kimi, “Azərenerji” ASC-nin müvafiq müəssisələri də gücləndirilmiş iş rejimində işləyəcəklər.
“Azərenerji” ASC-nin Mətbuat xidməti Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsinə istinadən bildirir ki, Azərbaycan energetikləri həmişə, o cümlədən bayram günlərində də ölkənin elektrik enerjisi ilə normal təchiz olunması məsələsinin öhdəsindən uğurla gəlmişlər. “Azərenerji” ASC-də cari ilin Novruz bayramı günlərində respublikamızda istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Ehtiyatda olan elektrik avadanlıqları təmir edilmiş və tam hazırlıq vəziyyətinə gətirilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, bayram günlərində tələbatın artmasına baxmayaraq, respublikada elektrik enerjisi ilə təminatda problem olmayacaqdır.
Səhmdar Cəmiyyətin Elektrik Enerjisinin Ötürülmə İdarəsindən verilən məlumata görə isə, enerji təchizatı müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün bütün yüksəkgərginlikli elektrik şəbəkə müəssisələri bu gündən (16 martdan) başlayaraq gücləndirilmiş iş rejiminə keçmişlər. Əlavə mal-material ehtiyatı yaradılmış, növbətçi briqadaların sayı artırılmış və nəqliyyat vasitəsilə də təmin olunmuşlar. Ümumiyyətlə, kollektivin hər bir üzvü həmişə olduğu kimi, bu bayram günlərində də qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gələcəklərinə əmindir.
Yeri gəlmişkən onu da qeyd edək ki, “Azərenerji”nin tərkibində olan regional enerji təchizatı müəssisələrində də bu istiqamətdə müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilib. Tədbirlər planına uyğun olaraq paylayıcı elektrik şəbəkələri də gücləndirilmiş iş rejimində işləyirlər. Artıq növbətçilik qrafikləri tutulub. Eyni zamanda əlavə briqadalar da təşkil edilib və onlar da nəqliyyat vasitəsi ilə təmin olunublar.
Həyata keçirilmiş tədbirlər onu deməyə əsas verir ki, həmişə olduğu kimi, bu Novruz bayramında da energetiklərimiz istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcəklər.
BAXIŞ-MÜSABİQƏNİN QALİBLƏRİ MÜƏYYƏNLƏŞDİ
"Bakı İstilik Elektrik Mərkəzi" birinci oldu
13.03.2009
"Azərenerji" ASC-nin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair növbəti baxış-müsabiqəyə yekun vurulub. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidməti Səhmdar cəmiyyətinin Əməyin mühafizəsi xidmətinin rəisi Elşad İbrahimovun sözlərinə istinadən məlumat verir. Onun sözlərinə görə, tədbirin məqsədi enerji müəssisələrində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, əks-qəza və əks-yanğın məşqlərinin keyfiyyətlə aparılması, işçilərin istirahətinin səmərəli təşkil edilməsidir.
Qeyd edək ki, baxış-müsabiqə "Azərenerji" ASC ilə səhmdar cəmiyyətinin Vahid Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv müqavilə əsasında keçirilib. Baxış-müsabiqə elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji təchizatı və sahə xidmət müəssisələri iştirak ediblər. Tədbirin təşkili və səmərəli keçirilməsi məqsədilə Təşkilat Komissiyası yaradılıb. Müəssisələr tərəfindən təqdim olunan sənədlər, iş yerlərinə keçirilən baxışlar əsasında komissiya üzvlərinə müvafiq arayış təqdim olunub.
Beləliklə də, Təşkilat Komissiyası üzvləri təqdim olunan sənədlərin təhlili əsasında aşağıdakı müəssisələrin mükafatlandırılmasını təklif ediblər. Enerjinin istehsalı müəssisələrindən "Bakı İstilik Elektrik Mərkəzi" MMC birinci, "Şimal ES" MMC və "Bakı ES" MMC ikinci yerlərə layiq görülüblər. Elektrik enerjisinin ötürülməsi müəssisələrindən "Bakı YGEŞ" və "Sumqayıt YGEŞ" MMC-lər birinci, "Gəncə YGEŞ"lə "Ağsu YGEŞ" MMC-lər ikinci yerləri bölüşüblər. Enerji təchizat və sahə xidmət müəssisələrindən birinci mükafat "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-yə təqdim olunub. "Enerjisistemin İdarəetmə Vasitələri" MMC isə ikinci yerlə kifayətlənib.
GƏNCƏ YGEŞ: MÖVSÜMÜ QƏZASIZ YOLA SALIRIQ
13.03.2009
“Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə ötən il ərzində plan-qrafiklə nəzərdə tutulmuş təmir işləri tamamilə yerinə yetirilmişdir. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, elektrik enerjisinin ötürülməsi sistemində ötən dövrlərdə olduğu kimi 2008-ci ilin noyabr-dekabr aylarında, eləcə də cari ilin ötən iki ayı ərzində heç bir qəza, yaxud açılma halları baş verməmişdir. Sözügedən müəssisənin baş mühəndisi Zahid Məmmədovun verdiyi məlumata əsasən qeyd edək ki, müəssisədə cari ilin ilk ayında bir sıra təmir-bərpa işləri yerinə yetirilmişdir. Belə ki, ötən ay ərzində burada 10 ədəd 10 kilovoltluq yağ açarı əsaslı, 20 ədədi isə cari təmir edilmişdir.
Bunlardan əlavə, 330 kilovoltluq “Gəncə” yarımstansiyasında 110 kilovoltluq açıq paylayıcı qurğuda rekonstruksiya işləri həyata keçirilir. O cümlədən, hava açarları müasir eleqaz açarlarla əvəz edilir.
Qeyd edək ki, hazırda dörd ədəd hava açarı “Eleqaz” tipli açarlarla əvəz edilmişdir.
Eyni zamanda müəssisənin balans mənsubiyyətinə aid olan “Kürəkçay” yarımstansiyasında da analoji işlər aparılmışdır. Belə ki, burada da bir neçə yağ açarları yeniləri ilə əvəz edilmişdir.
Baş mühəndis onu da əlavə etdi ki, şəbəkənin balansındakı 70 ədəd yarımstansiyada 10 və 6 kilovoltluq çıxış xətlərində cərəyan və gərginlik dövrələri yoxlanaraq 140 ədəd sayğac quraşdırılmışdır. Müxtəlif gərginlikli elektrik verilişi xətlərində isə 620 ədəd izolyator dəyişdirilmişdir.
“İqlim şəraitindən asılı olaraq bütün yağ tutumlu avadanlıqlarda yağın və təzyiqin səviyyəsi normallaşdırılıb və daimi nəzarətdə saxlanılır” - deyə Z. Məmmədov vurğuladı.
Mətbuat xidmətinə daxil olan məlumata əsasən qeyd edək ki, şəbəkəyə gün ərzində orta hesabla 4,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi daxil olur.
DAYAQLARIN DƏYİŞDİRİLMƏSİ BAŞA ÇATDIRILDI
12.03.2009
Mingəçevirdə 110/35/6 kilovoltluq “Şəhər” yarımstansiyasından çıxan “Karxana” xəttinin uzunluğu 7 kilometrə yaxındır. Bu xətt vasitəsilə energetiklər şəhərinin “Sağ sahil” və “Sol sahil” adlanan hissələri, eləcə də Mingəçevir kəndi elektrik enerjisi alır.
“Azərenerji” ASC-nin Mətbuat Xidməti bildirir ki, sözügedən xəttin Mingəçevir kəndi ərazisində - Kür çayının yaxınlığında basdırılmış dəmir dayaqlarının dəyişdirilməsi zərurəti yaranmışdı. Belə ki, Kür çayının məcrasından çıxması dayağın təmirini çətinləşdirərdi. Yarana biləcək qəzaların qarşısını almaq məqsədilə xətdə təmir-bərpa və istiqaməti dəyişmə işlərini həyata keçirmək qərara alındı və Kürsahili ərazidəki dayaqların yeniləri ilə əvəz olunması işləri həyata keçirildı.
Qeyd edək ki, bir ay ərzində “Karxana” hava xəttinin Kür çayının sağ sahilinə keçirilməsi üçün 4 ədəd anker, 1 ədəd aralıq dəmir-beton dayaq basdırıldı və xəttin istiqaməti dəyişdirildi. Bundan sonra xidmət işçiləri “Karxana” hava xəttinin dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etməkdə daha çətinlik çəkməyəcək, problemlərlə üzləşməyəcəklər.
DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏNİŞ ARTMIŞDIR
12.03.2009
“Azərenerji” ASC-nin Mətbuat xidmətinin məlumatına görə, 2009-cu ilin ötən 2 ayı ərzində Səhmdar Cəmiyyət tərəfindən dövlət büdcəsinə 20,6 milyon manat vəsait ödənilmişdir. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur. Cari ilin fevral ayında isə dövlət büdcəsinə 11,3 milyon manat vəsait ödənilmişdir ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.
NASAZLIQLAR DƏRHAL ARADAN QALDIRILIR
11.03.2009
Paytaxtın elektrik enerjisi ilə təmin edilməsində xüsusi rol oynayan “Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” hazırkı vaxtadək normal iş rejimində fəaliyyətini davam etdirməkdədir. “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə məlumat verən müəssisənin direktoru Ələddin Əliyevin sözlərinə görə, əldə edilən nəticənin davamlı olması məqsədilə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiya və EVX-lərə mütəmadi olaraq texniki baxış keçirilərək lazımi tədbirlər yerinə yetirilir.
Adıçəkilən Şəbəkənin tabeçiliyində fəaliyyət göstərən 500 kilovoltluq “Abşeron” yarımstansiyası da bu qəbildən olan enerji obyektlərindən biridir.
Enerjisistem əhəmiyyətli bu yarımstansiyada cari ilin ilk ayından başlayaraq müxtəlif təyinatlı təmir işləri yerinə yetirilmiş və hazırda davam etdirilir.
Mətbuat xidmətinə daxil olan məlumata istinadən qeyd edək ki, 330 kilovoltluq 4-cü Şirvan HX-nin “Abşeron” yarımstansiyasına giriş-çıxışını təmin etməklə əlaqədar 330 kV-lik açıq paylayıcı quruluşunda avadanlıqlar quraşdırılmış, istismara verilməsi üçün hazır vəziyyətə gətirilmiş, eyni zamanda buraya yeni dayaqlar, özüllər və məftillər gətirilərək yarımstansiyada elektrik quraşdırılma işlərinə start verilmişdir.
Müəssisənin direktoru həmçinin bildirdi ki, analoji tədbirlər “Puta” və “Binəqədi” yarımstansiyalarında da yerinə yetirilmişdir. Onun sözlərinə görə, burada müxtəlif güclü yağ açarları yeniləri ilə əvəz edilib.
Yanğından təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirildiyini bildirən müəssisə direktoru əlavə etdi ki, buradakı yanğına qarşı nasosxana binası da hazır vəziyyətə gətirilmiş, su boruları bərpa edilmiş, nasosların avtomatik qoşulması üçün panellər quraşdırılmışdır.
Ə. Əliyev sonda onu da bildirdi ki, havanın temperaturu nəzərə alınaraq bütün hava elektrik verilişi xətlərinə növbədənkənar baxış keçirilir, aşkar edilən qüsurlar dərhal aradan qaldırılır.
XAÇMAZ ENERJİ QOVŞAĞI: 972 MİLYON KİLOVATSAAT İSTEHSAL
10.03.2009
Ötən 5 ildə ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar iqtisadiyyatın bütün sahələrində real nəticələr vermişdir. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan dünyada ən yüksək iqtisadi artım nümayiş etdirən ölkəyə çevrilmişdir. Bütün atılan addımlar Azərbaycanın enerji təhlükəsizliyini təmin edir və dünyada güclü dövlətə çevrilmək imkanı yaradır. Dövlət başçısı özünün gərgin, uzaqgörən fəaliyyəti nəticəsində digər sahələrdə olduğu kimi, enerji sahəsində də ölkəmizin maraqlarını qoruyub saxlamış, mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə nail olmuşdur. O cümlədən, elektrik energetika sahəsində ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş yeni generasiya güclərindən biri də “Xaçmaz” elektrik stansiyasıdır. Bu stansiya respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük töhfə olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır.
“Xaçmaz Enerji Qovşağı”nın direktoru Şalbuz Zəkiyevin “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, cari ilin ötən iki ayında 66 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 9 milyon kilovatsaat çoxdur.
Qeyd edək ki, cari ilin fevral ayında stansiyada 22 milyon kilovatsaat proqnoza qarşı, 25,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
“Stansiyada texniki istismar səviyyəsini yükəltmək, avadanlıqların etibarlı və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir” – deyən Ş. Zəkiyev görülmüş təmir işləri barəsində də məlumat verdi.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, hazırda 1 və 2 saylı aqreqatlar əsaslı təmirə saxlanılmışdır. Qalan səkkiz aqreqatlarda qrafikə uyğun texniki qulluq həyata keçirilir.
Sonda direktor “Xaçmaz” yarımstansiyasında işlərin gedişindən danışarkən artıq avadanlıqların sınağı və tənzimlənməsi işlərinin tamamilə başa çatdırıldığını da bildirdi.
Xatırladaq ki, Dövlət Proqramına uyğun olaraq bölgənin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ilin dekabr ayında istismara verilmişdir. Elektrik stansiyası istismara verildiyi vaxtdan cari ilin mart ayına kimi burada 972 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
SUMQAYIT YGEŞ: AY ƏRZİNDƏ 222 MİLYON KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ ÖTÜRÜLÜR
06.03.2009
“Bütün elektrik energetika müəssisələrində olduğu kimi “Sumqayıt YGEŞ”-in əmək kollektivi də istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışırlar.
Müəssisənin direktoru Xəndan Əhmədovun “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, 220 kilovoltluq “Sənaye Qovşağı” yarımstansiyasında 110 kilovoltluq I “Xırdalan” hava elektrik verilişi xəttində yağ açarı, 220 kV-lik dolayı eleqz açarı cari təmir edilmişir. 110 kV-lik 135 saylı yarımstansiyada isə qapalı paylayıcı qurğuda bina sökülərək hazırda burada yenidənqurma işləri həyata keçirilir.
Qeyd edək ki, elektrik enerjisinə artan tələbatı nəzərə alaraq, 110 kV-luq “Sumqayıt-2” yarımstansiyasında 1 saylı 40 MVA-lıq güc transformatoru 80 MVA-lıq güc transformatorları ilə əvəzlənmişdir. Eyni zamanda “Sumqayıt -3” yarımstansiyasında da bir nömrəli hava kompressoru əsaslı, 110 kV-lik dolayı şinlər arası hava açarı isə cari təmir edilərək normal iş rejiminə gətirilmişdir.
Yeri gəlmişkən, Sumqayıt şəhərinin ətrafındakı sənaye zonasını, bəzi yaşayış sahələrini qidalandırmaq üçün nəzərdə tutulan 110 kV-luq “Kimyaçılar” yarımstansiyasında 2 saylı 40 MVA-lıq və 1 saylı 60 mVa-lıq güc transformatorlarında da cari təmir işləri aparılmışdır.
Mənbəyə istinadən onu da qeyd edək ki, iqlim şəraiti ilə bağlı planlaşdırılmış tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri vaxtında və keyfiyyətlə yerinə yetirilib. Şəbəkədə istismarda olan ildırımdan mühafizə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və tam yararlı vəziyyətə gətirilmişdir.
Mətbuat xidmətinə daxil olan məlumata istinadən bildirək ki, Şəbəkənin balans mənsubiyyətinə daxil olan yarımstansiya və EVX-nə vaxtında texniki baxış keçirilir, mövcud olan hər hansı nasazlıqlar yerindəcə aradan qaldırılır. 330 kV-lik “Yaşma”, 110 kV-lik “Yaşma”, II “Siyəzən”, “Giləzi” yarımstansiyaları və 330 kV-lik “Abşeron”, 220 kV-lik “Yaşma”, 110 kV-lik “Sumqayıt”, “Sənaye Qovşağı” və “Maştağa” hava elektrik verilişi xətləri bu qəbildən olan enerji obyektləridir. Belə ki, adıçəkilən yarımstansiya və EVX-lərin dayanıqlığının daha da artırılması məqsədilə burada müxtəlif təyinatlı yenidənqurma və təmir-bərpa işləri yerinə yetirilmişdir.
X. Əhmədov bütünlüklə yarımstansiyalarda, yüksəkgərginlikli hava xətlərində yardımçı avadanlıqların müasir tipli elektrik avadanlıqları ilə dəyişdirilməsinə artıq start verildiyini və bu əvəzlənmə işinin sürətləndirildiyini xüsusi ilə vurğuladı.
Onun sözlərinə istinadən, YGEŞ-dən paylayıcı elektrik şəbəkələrinə ay ərzində orta hesabla 222 milyon kilovatsaatdan artıq elektrik enerjisi ötürülür.
1,8 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
05.03.20009
Cari ilin fevral ayında ölkə enerjisistemində 1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,6 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür. Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, İran və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Həmin mənbədən bildirildiyinə görə, 2009-ci ilin 2 ayı ərzində enerjisistemdə 4 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib ki, bu həcmdən 3,7 milyard kilovatsaata yaxın İES-lərin, 0,3 milyard kilovatsaata yaxın isə SES-lərin payına düşür.
MİNGƏÇEVİR YGEŞ: TƏMİR İŞLƏRİ APARILIR
04.03.2009
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi bizim müəssisənin xidməti ərazilərində də bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
Görülmüş təmir işləri barəsində “Mingəçevir YGEŞ”-in direktoru Firqət Yusubov “Azərenerji”ASC-nin Mətbuat xidmətinə məlumat vermişdir.
Onun sözlərinə görə, cari ilin iş planı artıq müəyyən edilmiş və plana uyğun olaraq ötən aylarda nəzərdə tutulmuş əsaslı və cari təmir işləri tam yerinə yetirilmişdir.
“Ümumiyyətlə, respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik 500 kV-lik II Abşeron, 330 kV-luq 1-ci Abşeron, 6-cı Mingəçevir və 220 kV-luq 1-ci, 2-ci Mingəçevir və Qəbələ hava elektrik verilişi xətləri xüsusi diqqət mərkəzindədir. Bu hava xətlərinin metal aralıq dayaqları müəssisəmizin xətt işçiləri tərəfindən mütəmadi təftiş edilir və aşkar edilmiş nasazlıqlar təcili aradan qaldırılır” – deyən direktor buna misal olaraq cari ilin yanvar ayında havaların kəskin dəyişməsi, güclü qar yağışı zamanı buzlama nəticəsində 35 kV-lik Zərdab, 220 kV-lik 2-ci Mingəçevir hava xətlərində baş vermiş nasazlıqlar qısa zamanda aradan qaldırılaraq sistemin normal işinin təmin edilməsini göstərdi.
Digər təmir işlərindən danışan F.Yusubov onu da bildirdi ki, enerjinin ötürülməsi sistemində iş ahənginin pozulmaması məqsədilə təmir işləri bəzən gündüzlər deyil, gecələr yük minimuma enəndə aparılır.
Qeyd edək ki, hazırda 330 kV-lık I Abşeron və 500 kV-lik II Abşeron hava xətlərinin yağış və sel suları nəticəsində yararsız hala düşmüş istismar yolunun bərpasına başlanılmış və işlər davam etdirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, xətt və yarımstansiyaların texniki istismar vəziyyətini yüksəltməklə yanaşı enerji satışı işinin təkmilləşdirilməsi məqsədilə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalardakı 10 kV-lik çıxış xətlərində sayğac dövrələri yoxlanılır, sayğac uçot komplektləri bərpa edilir.
Əldə etdiyimiz məlumata görə, paylayıcı şəbəkələrə gün ərzində orta hesabla 3,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi ötürülür.
Mənbədən aldığımız məlumata əsasən onu da qeyd edək ki, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən bir neçə xətt və yarımstansiyaların tikilməsi, bir neçə yarımstansiyanın isə yenidən qurulması nəzərdə tutulmuşdur.
Xatırladaq ki, müəssisənin balans mənsubiyyətinə ümumi uzunluğu 1700 kilometrə yaxın yüksək gərginlikli EVX-ləri və 49 ədəd yarımstansiya daxildir.
“CƏNUB” ELEKTRİK STANSİYASININ TİKİNTİSİ QRAFİKƏ UYĞUN DAVAM EDİR
03.03.2009
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış energetika strategiyası Azərbaycanın iqtisadi qüdrətinin artmasına, xalqımızın bugünkü və gələcək firavanlığının təmin olunmasına xidmət edir. Digər tərəfdən Dövlət başçımızın müntəzəm diqqət və qayğısı sayəsində Azərbaycanın yeni elektroenergetika strategiyası bir sıra layihələrin həyata vəsiqə almasına səbəb olmuşdur. Belə layihələrdən biri də Dövlət başçımız tərəfindən təməli qoyulmuş 780 MVt gücündə “Cənub” elektrik stansiyasıdır. Stansiyanın tikintisində işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat хidmətinə Səhmdar Cəmiyyətin baş mühəndisinin müavini Vüqar Şahmuradov məlumat verib.
Onun verdiyi məlumata görə, inşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün tikintini betonla təmin edən beton hazırlayan qovşaq artıq istismar edilir. Stansiyanın inzibati və yeməkxana binalarının tikintisi davam etdirilir. Layihəyə əsasən maşın zalında quraşdırılacaq qaz turbinlərinin özüllərinin quraşdırılması işlərinə başlanılmışdır.
Stansiyada quraşdırılacaq avadanlıqlardan söz açan V. Şahmuradov onu da bildirdi ki, artıq avadanlıqların əraziyə gətirilməsi ilə bağlı təqvim qrafiki hazırlanmışdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, istehsal ediləcək elektrik enerjisini qapalı paylayıcı quruluşa ötürmək üçün 28 ədəd transformator quraşdırılacaqdır ki, ondan da 14-ü artıq əraziyə gətirilmişdir.
Xatırladaq ki, bu stansiyada həm qaz, həm də mazut yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq ediləcəkdir. Bu stansiyanın gələcəkdə Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin etibarlı və sabit işləməsinin təmin edilməsində böyük rolu olacaqdır.
YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
02.03.2009
İstehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə ənənəvi olaraq yarımstansiya və elektrik verilişi xətlərində cari ilin ilk vaxtlarından başlayaraq təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Bakı və bakıətrafı rayonların elektrik enerjisi ilə təchizatında məxsusi rol oynayan “Bakı Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, Şəbəkə artıq cari ilin iş planlarına müvafiq olaraq konkret addımlar atır.
Bu məqsədlə hazırda 220 kilovoltluq “Xırdalan” yarımstansiyasında bir və iki saylı köhnəlmiş 240 MVA-lıq avtotransformatorların yeni 250 MVA-lıqla əvəz edilməsi istiqamətində hazırlıq işləri gedir. Qeyd edək ki, avtotransformatorlar artıq əraziyə gətirilmiş və quraşdırılması üçün tədbirlər görülür.
Eyni zamanda yarımstansiyada 10 kilovoltluq qapalı paylayıcı quruluşun binası genişləndirilərək orada iki ədəd 10 kilovoltluq vakuum açarları quraşdırılmışdır.
Müəssisənin balans mənsubiyyətinə aid olan “205” saylı yarımstansiyada da müxtəlif təyinatlı yenidənqurma işləri planlaşdırılır. Əldə olunan məlumata əsasən bildirək ki, yarımstanisyanın ərazisində yerləşən transformator yağının regenerasiyası binası sökülərək, əvəzində yeni bina inşa edilir. Burada eyni zamanda tutumu 200 kubmetr təşkil edən su hovuzunun da tikintisi həyata keçirilir.
Onu da qeyd edək ki, ötən ilin son iki ayında isə burada 6-35 kV-lik qapalı paylayıcı qurğuların binaları əsaslı təmir edilmişdir.
Yeri gəlmişkən onu da bildirək ki, 330 kV-lik I “Abşeron”, IV “Şirvan”, 220 kV-lik II “Şirvan”, I “Hövsan”, “Müşviq”, 110 kV-lik I və II “Ələt”, I və II “Səngəçal”, “Binəqədi” və “Xırdalan” hava elektrik verilişi xətlərində də bir sıra təmir-bərpa işləri yerinə yetirilmişdir.
Müəssisədən verilən məlumata görə, paylayıcı şəbəkələrə orta hesabla gün ərzində 17000 kilovatsaata yaxın elektrik enerjisi ötürülür.









